Category: blog

  • Qan təzyiqim aşağıdır-Hipotenziyanı müalicə etmək lazımdırmı?

    https://www.instagram.com/p/DFsO3QQtYq8/?next=%2F

    Yəqin ki, hər birimizin təzyiqi aşağı olan heç olmasa bir və ya bir neçə tanıdığımız insan olub. Qan təzyiqi hər kəs üçün eyni olmadırmı? Hər təzyiqi aşağı düşən insan dərman müalicəsi olmalıdırmı?

    Qan təzyiqinin aşağı olması  tibbi dildə Arterial Hipotenziya adlanır. Arterial təzyiqin normadan (120/80 mmcsüt)  20% aşağı olması hipotenziya adlanır. Adətən bu təzyiq 90/60 mmHg aşağı olduqda sayılır. Bəzi şəxslər var ki onların heç bir orqanik xəstəliyi olmur və qan təzyiqi hər zaman aşağı rəqəmlərdə olur. Buna Fizioloji Hipotenziya deyilir. Hipotenziyaya irsi meyilli olan şəxslərdə, proffesional idmançılarda, astenik insanlarda (əsasən qadınlarda) , yüksək dağlıq ərazilərdə yaşayan və meteohəssas insanlarda belə hal rast gələ bilər. Bəzən ortostatik hipotenziya deyilən vəziyyət olur ki,   buda bədən vəziyyətinin qəflətən dəyişməsi  zamanı (məsələn yataqdan və ya uzun müddət oturduğun yerdən qəflətən ayaq üstə durduqda)  təzyiqin qısa zaman üçün enməsi sayılır. Müəyyən şəxslərdə normadan artıq qida qəbul edilən zaman da (postprandial hipotenziya) enməsi müşahidə olunur. Göstərilən hallarda qan təzyiqinin enməsi   klinik olaraq heç bir şikayətlərlə müşayət olunmur  heç bir müalicəyə tələb etmir və öz-özünə normal rəqəmlərə dönür. Lakin bir sıra hallarda  Fizioloji Hipotenziya koffein və ya kordiamin inyeksiyası  kimi müxtəlif dərman preparatları ilə müalicə olunur. Nəzərə almaq lazımdır ki, heç bir inkişaf etmiş ölkədə belə müalicə üsulu təsdiq olunmamışdır. Sadəcə uzanaraq ayaqları bədən səthindən 15-25 dərəcə yuxarı etmək və maye qəbul etməklə simptomatik vəziyyəti geri döndərmək mümkündür.

    Yuxarıda danışdıqlarımızdan əlavə İkincili Hipotenziya və Kəskin Hipotenziya kimi vəziyyətlərdə yarana bilər. Qan təzyiqinin müxtəlif xəstəliklərin və ya fizioloji proseslərin nəticəsində aşağı enməsi İkincili Hipotenziya adlanır. Müxtəlif xronik mədə bağırsaq xəstəlikləri (mədə xorası və kolitlər), qan azlığı olan şəxslər, onurğanın boyun fəqərələrinin osteoxondrozu, Hipotireoz( qalxanabənzər vəzi funksiyası pozğunluğu) , Şəkərli Diabetdən uzun müddət əziyyət çəkənlər, müxtəlif vitaminlərin çatışmazlıqları (əsasən D,B və C vitaminləri) ,Pəhriz saxlayan şəxslər,  xroniki ürək çatışmazlığı və ürək ritm pozğunluğu olanlar, kardiomiopatiyalar və Miokarditlər zamanı hipotenziya yaranır. Adətən belə xəstələrdə qan təzyiqinin tədricən aşağı enməsi müşahidə olunur. Bu səbəbdən həmin şəxslər arterial təzyiq enməsini hiss etmir və bir çox hallarda həkim müayinəsində olduqları zaman bu haqda məlumatlanırlar. Müxtəlif antihipertenziv ( qan təzyiqini aşağı salan dərmanlar) preparatların istifadəsi zamanı da arterial təzyiqin normadan aşağı enməsi müşahidə olunur. Sadaladığımız hallarda rast gələn aşağı qan təzyiqini əsas xəstəlyi müalicə etməklə normaya gətirmək olar.

     

    Bəzən isə həyatı təhlükəli və ciddi müalicə tələb edən Kəskin Hipotenziv hallarda yaranır ki, bu zaman xəstəyə təcili təxirəsalınmaz yardım göstərilməsi və hospitalizasiya olunması (xəstəxanaya yerləşdirilməsi) mütləq şərtdir.  Kəskin qanitirmə ,bədənin böyük ölçülü yanıqları və kəskin susuzlaşma kimi hallarda inkişaf edən Hipovolemiya, müxtəlif Allergik halların ağırlaşması kimi olan Anafilaktik Şok , infeksion-toksiki xəstəliklərin ağırlaşması, Kəskin Miokard infarktı, həyatı təhlükəli ürək ritm pozğunluqları, kəskin ürək çatışmazlığı,müxtəlif qapaq xəstəlikləri və anadangəlmə qüsurlar,Ağciyər arteriyası trombemboliyası, Aortanın laylanan anevrizması, bəzi bitki tərkibli ,kimyəvi zəhərlər və ağır metallarla zəhərlənmələr də arterial təzyiqin çox enməsi müşahidə olunur. İlk aşkar olunduğu vaxtdan düzgün müalicə başlanması , xəstələrin   həyatını xilas etmiş olur.

    https://www.instagram.com/p/DFsO3QQtYq8/?next=%2F
  • Nəfəsi dərindən ala bilmirəm – “Da Kosta sindromu”

    “Nəfəsimi axıra kimi ala bilmirəm”,“Nəfəs aldığım hava kifayət qədər deyil”, “Havam çatmır və təngnəfəs oluram” kimi şikayətlərlə həkimlərə müraciət edənlərin sayı kifayət qədərdir. Əsasəndə keçid yaş dövründə olan gənclər ( məsələn  hər hansı imtahan öncəsi), stress və emosional gərginlik halı ilə üzləşmiş insanlar arasında bu tip şikayətlər tez-tez qeyd olunur. Bəzən bu şikayətləri edən insanlar xəstəliklərini səbəbini tapmaq üçün çoxsaylı tibbi müayinələrdən keçirlər amma  bir çox hallarda heç bir ciddi xəstəlik tapılmır.

    Əlbəttə nəfəs darlığı  çox ciddi xəstəliklərlə də əlaqəli ola bilər, lakin bunu sadə müayinə üsulları ilə aşkar etmək bir çox hallarda mümkün olur. Lakin belə şikayətlər  əksərən ciddi xəstəliklərlə əlaqəli olmur və psixoemosional pozğunluqların nəticəsi kimi meydana çıxır. Hər bir orqan kimi tənəffüs sisteminində fəaliyyəti beyin tərəfdən tənzimlənir. Nevrotik və stress vəziyyətlərində beyinin bu kontrol sistemi nəzarətdən çıxır, həddən artıq oyanma yaranır və bu da nəfəsalma sayına və dərinliyinə təsir edir.

    Dediklərimiz hallar Tənəffüs nevrozunun əlamətləridir. Bu halı ilk dəfə 1871-ci ildə Amerikan alimi Da Kosta təsvir etdiyi üçün bəzən onun adi ilə əlaqəli Da Kosta sindromu  kimi də adlandırırlar. Bir çox ədəbiyyatlarda bu xəstəlik Respirator Nevroz , Hiperventilyasiya Sindromu,Neyrorespirator Sindrom, Tənəffüs Distoniyası və.s kimi də adlandırılır. Planetimizdə yaşayan təqribən 8% insanlarda  bu sindrom qeydə alınıb və bu hal qadınlarda kişilərdən təqribən 5 dəfə sıx rast gəlinir. Yaranması əsasən  psixoko-nevrogen  səbəbli olsada , bəzən bir sıra orqanik xəstəliklər  (Şəkərli diabet,hipertoniya xəstəliyi, baş beyin xəstəlikləri və xroniki bronxit) , Magnezium və Kasium çatışmamazlığı,metobolik pozğunluqlar və müxtəlif intoksikasiyalarda Tənəffüs Distoniyası yaranmasına gətirib çıxarar. Belə Xəstələrin  adi vaxtı heç bir şikayəti olmur.Xəstəliyin əlamətləri tutmalar şəkilində, qəflətən və bir çox hallarda müxtəlif stress,psixoemosional gərginlikdən sonra meydana çıxır və bir neçə dəqiqədən bir saata kimi davam edə bilir.

    Respirator Nevroz zamanı 3 cür şikayətlər yarana bilər.

    1. Tənəffüs simptomları – yalançı nəfəs alma-  xəstə elə hiss edir ki, kifayət qədər hava ala bilmir, nəfəs alma aktı çətinləşib və nəfəs yolunda yad cisim qalıb və ona elə gəlir ki, nəfəsi dayanıb və o daha da dərindən nəfəsalmaya başlayır. Nəfəsalmaya köməkçi əzələlər qoşulur. Tənəffüs tədricən çətinləşir,tezləşir və səthi olur. Hətta xəstə dərindən nəfəs ala bilsə də bu ona sakitçilik gətirmir.Xəstə də dərin əsnəmələr başlayır.
    2. Psixoemosional əlamətlər- sinir gərginliyi və panik atak kimi hallar .Xəstə öz halından məmnun olmur. Qorxu və həyəcan kimi əlamətlər  sonda proqressivləşə və Ölüm qorxusu kimi şikayətlərin meydana çıxmasına gətirir. Bəzən onlarda müxtəlif tipli fobiyalara yaranır və onlar insanların çox olduğu yerlərdən uzaq qaçırlar.
    3. Əzələlərdə olan disfunksiyalar- əzələlərin həddən artıq gərginləşməsi-hipertonusu, müxtəlif hissiyyat və hərəki pozğunluqlar kimi şikayətlər olur. Əllərdə və ayaqlarda əsmə, Əl barmaqlarının büzüşməsi və topuq oynağının dartılması kimi əlamətlər yaranır.

    Əgər Xəstə sakitləşmirsə tezləşmiş tənəffüsü qısa pauza əvəz edir və sonra qıcolma formasında tənəffüs başlayır.Bu xəstədə həyəcan,qorxu və panik ataka səbəb olur. Tənəffüs hərəkətlərinin qeyri düzgün olması tənəffüs əzələlərinin yorulmasına və qıcolmasına,ümumi zəiflik və halsızlığa, başhərlənmə,soyuq tərləmə ,bəzən isə döş qəfəsinin sol tərəfində ağrı və sıxılma hissiyatının yaranmasına gətirir.

    Həkim tərəfindən xəstənin diqqətli müayinəsi bir çox hallarda Sindromun vaxtında aşkar olmasına kömək edir. Belə ki, bu cür xəstələr müxtəlif orqanlara aid çoxsaylı şikayətlər edir ancaq heç bir orqanik xəstəlikləri olmur. Həkim-Mütəxəsis tərəfindən aparılan sadə poliklinik müayinələr- EKQ,EXOKQ,Döşqəfəsi Rentgen və Spiroqrafiya müayinələri diaqnozun təsdiq olmasına əsas verir. Bundan başqa xəstəyə sadə test etməklə bu xəstəlik olma ehtimalını bilmək olar. Belə ki xəstəyə 5 dəqiqə ərzində tez tez və dərindən nəfəs alıb verməkləri xahiş olunur. Xəstəliyə şühbə olan şəxslərdə Hiperventilyasiya Sindromun ən kiçik əlamətlər belə üzə çıxır.

    Xəstəliyin müalicəsi həm psixoemosional yardım həm də dərman müalicəsindən ibarətdir. Psixoemosional tədbirlərə respirator gimnasitika, Yoqa, psixoloq köməyi ilə hipnoterapiya və müxtsəlif relaksedici və sakitləşdirici tədbirlər aid olunur. Kəskin kriz zamanı isə  Paket qaydası istifadə olunur. Bu zaman xəstə əl altında olan hər hansı bir paketi (polietilen və ya kağızdan) ağzina tutaraq nəfəs alıb verir. Bu da qanda hiperventilyasiya ( tezləşmiş tənəffüs) zamanı miqdarı azalmış karbon qazının miqdarını artırır ki, tənəffüsün tənzimlənməsinə səbəb olur.

    Gəstərilən tədbirlər nəticəsində effekt olmazsa artıq dərman müalicəsi başlanır. Müxtəlif sakitləşdirici və antidepressantlar, Kalsium və Magnezium preparatları və ürək ritminin tənzimlənməsi üçün təyin olunmuş B blokatorlarla müalicə çox kömək edir.

  • Yeni il qabagi Ürək xəstələrinə qidalanma ilə bağlı məsləhətlər!

    Bayram günlərində həyat tərzimiz adi günlərdə olduğundan bir qədər fərqli olur ki, bu da bizim sağlamlıq durumuza təsir edə bilər. Hələ 2022-ci ildə futbol üzrə İsvec millisi dünya çempionatında çıxış etdiyi zaman , bu ölkənin alimləri Ürək xəstəlikləri ilə bağlı maraqlı tədqiqat aparmışdılar. Onların apardığı tədqiqat göstərmişdi ki, bu tip böyük tədbirlər zamanı ürək damar xəstəlikləri ağırlaşmalarının yaranma ehtimalı bir neçə dəfə çox olur. Araşdırmanın növbəti mərhələsində isə  başqa bir nəticə  əldə olundu. Belə ki, bu xəstəliklərin rastgəlmə tezliyinin 1 yanvar (Yeni il) və 25-26 dekabr (Şükran Günü) tarixlərində adi günlərdən 37% daha sıx olduğu aşkar olundu. Bəzi məmbələrdə isə bu tarixlərdə baş verən Miokard İnfarktları-”Bayram İnfarktı” adlandırılırdı.

    Belə hallar əsasən hansı qrup İnsanlar  üçün daha səciyyəvi sayılır?

    Bu günlərdə Daha çox risk qrupunda olan insanlar

    – Yüksək qan Təzyiqi olanlar

    – Əvvəl ürək damarlarına Stent implantasiyası və Şuntlama əməliyyatı olanlar

    –  Şəkərli Diabet xəstələri

    – Artıq çəkidən əziyyət çəkənlər

    – Ürək çatışmazlığı və Ürək qapaq xəstələri

    – Əvvəl qeydə alınmış Ürək ritm pozğunluğu(Aritmiyalar) olanlar

    – Passiv həyat tərzi sürən və Siqaret çəkənlər sayılır.

    Bayram günlərində dediyimiz xəstələr daha çox nəyə diqqət etməlidir?  

    Bu zaman Yarana biləcək ağırlaşmaları isə “ Bayram Ürəyi Sindromu” kimi də adlandırırlar. Əsasən diqqət olunacaq bir neçə istiqamət vardır ki, hər bir Ürək xəstəsi bunları nəzərə almalıdır.

    Əlbəttə ki, bu günlər ən çox diqqət olunacaq sahə düzgün  Qidalanmadır. Bayram süfrəsində çox zaman  eyni zamanda müxtəlif tipli və bir neçə dadlı qazan yeməkləri, qızardılmış qidalar, şorabalar və şirniyyatlar olur.Hər birimiz bu yeməklərinin hər birinin dadına baxmaq istəyirik. Lakin əsasəndə yuxarıda qeyd etdiyimiz xəstələr  üçün Qəbul etdiyimiz qidaların miqdarı və tərkibi çox önəmlidir. Belə ki, qısa müddətdə çoxlu miqdar qəbul etdiyimiz  qida heç də tezliklə sorulmur və qarında köp,ağırlıq,gərginlik və digər dispeptik hallara səbəb olur. Bundan başqa yediyimiz yeməklərin tərkibində olan normadan çox ədviyyatların, xörək duzunun  və qida əlavələrinində mədə-bağırsaq qıcıqlanmasına səbəb ola bilir. Bu göstərdiyimiz hallar zamanı ürək döyünmənin artması, qan təzyiqinin yüksəlməsi, ürəyə düşən yüklənmənin artması baş verir ki, bu da müxtəlif xəstəliklərin ağırlaşmalarına-Miokard infarktı, hipertonik kriz ,Beyin İnsultu kimi hallara səbəb ola bilər. Bu səbəbdən Bayram tədbirlərində qəbul etdyimiz qida kiçik porsiyalarla, az duzlu və ədviyyatlı, şəkərsiz, az yağlı,tez həzm olunan olmalıdır.

    İkinci nəzərə alınacaq hal isə Alkoqol qəbuludur. Bayram tədbirləri zamanı qəbul edilən akohollu içkilər bir sıra ürək damar xəstəlikləri və ürək ritm pozğunluqları yaranması ehtimalını dəfələrlə artırır.Belə ki,aparılmış tədqiqatlar göstərib ki gün ərzində içilən akoholun miqdarı təqribən 12 Unsiya(380 ml) Pivə və ya 4 unsiya( 130 ml) Çaxır və ya 1.5 unsiya ( 30 ml) 40% Vodkadan (Araq) çox olmamalıdır. Artıq qəbul edilmiş Alkohollu içkilər damarlarda uzunmüddətli daralmalara, qanın laxtalanmasına və ritm pozğunluqlarına zəmin yaradır. Bundan başqa nəzərə almaq lazımdır ki, xəstələr həmdə daimi dərman preparatlarıda qəbul edirlər.  Bu dərmanlarla alkoholu içkilərin birgə qəbulu isə digər risklərə səbəb olur. Yəni bu dərmanların təsirinin güclənməsinə və ya azalmasına səbəb olur- bu da əlavə ağırlaşmalara gətirir.

    Bayram günlərində bir çoxlarımız istirahətimizi evdə keçirməyə üstünlük veririk. Bayram tədbirlərindən sonra hərəkət eləmək həvəsi isə heç olmur. Lakin bu hipodinamiya sağlamlığa ciddi ziyan ola bilir.Ev şəraitində  fiziki aktivlik, piyada 30-40 dəqiqəlik iri addımlarla gəzinti, rəqs və qısamüddətli yüngül atletik  idman növləri orqanizm üçün çox xeyirli olmaqla yanaşı bu günlərdə qəbul edilmiş artıq qidanın tez həzm olunmasına da yaxşı təsir edir.

    “Bayram Ürəyi Sindromuna” səbəb olan digər faktor isə Stress və emosional gərginlik sayılır. Bayram günlərində ən yaxın qohumları,dostları görmək, Bayram tədbirlərində keçirilən ictimai tədbirlər hətta telefonla etdiyimiz Yeni il təbriki də bəzi ürək damar ağırlaşması halına gətirə bilər. O səbəbdən belə insanların böyük tədbirlərdən çəkinmələri və bəzən də yüngül sakitləşdirici dərman preparatları və çaylardan(Melissa,Pişikotu,Adaçayı,Lavanda) istifadəsi məsləhət görülür.

  • Valerian, Korvalol, Valokordin- Bunlar ürək dərmanlarıdırmı?

    Bu dərman adlarını yəqin ki, ömrünüzdə bir neçə dəfə olsa da eşitmisiz. Hətta bir çoxlarınız istifadə də etmisiniz. Əsasən də   ürək nahiyəsində ağrı və ya sıxıntı olan zaman  ilk yardım dərmanı kimi istifadəsi  çox məşhurdur. Bu haqda bir neçə bilgi verməmişdən əvvəl onu bildirim ki, bu dərmanların heç birinin ürək xəstəliklərinin müalicəsi ilə heç bir əlaqəsi yoxdur.

    İlk əvvəl Valokordin haqda da danışaq- Bu Preparat ilk dəfə Almaniyada 1934-cü ildə İstehsal olunub. Ancaq artıq II dünya müharibəsi vaxtında bu dərmanın istehsalı dayandırılıb. Bir müddət sonra bu dərmanın istehsalı bərpa olunub , amma Almaiyada istifadə üçün deyil o vaxt ki, SSR və sosialist dövlətlərində istifadə üçün. Məşhur farmaseptik Alman şirkətlərindən biri hələ də, bu adda  dərman istehsal edir ,lakin bunun Almaniyada istifadəsinə icazə verilmir. Hətta Rusiyada 2008-ci ildə bu dərmanın istifadəsinə tərkibində olan maddəyə görə azad satışdan çıxarılmış və ancaq xüsusi reseptlə xəstələrə verilmişdir. Lakin çoxsaylı ictimai narazılıqlara görə yenidən bu qadağa aradan götürülmüşdür.

    Bəs bu dərmanların tərkibi nədən ibarətdir? Nəyə görə Ürəyim ağrıyır deyən insanların bəziləri bu preparatdan fayda görür?

    Valokordin  tərkibində əsas təsiredici maddə Fenobarbitaldır. Bu maddə barbituratlar qrup aid olub, sinir sakitləşdirici və yuxugətirici effekti olan  kimyəvi maddədir. Fenobarbital  digər bu tip dərmanlar kimi bir müddət istifadədən sonra öyrəşmə əmələ gətirir və  kəsilmə sindromu verir. Valokardinin tərkibində olan  ikinci təsiredici maddə Etilbromizovalerianat maddəsidir ki bu da sakitləşdirici , panikanı və emosional gərginliyi azalmaq effektinə malikdir. Bu maddə etil spirt istehsalı zamanı əmələ gələn tullantılardan istehsal olunur. Bundan başqa dərmanın tərkibinə Nanə yağı, Mayaotu Qozasının yağı ,Etil spirti və təmiz su daxildir. Bu dərman preparatını artıq 1950-ci illərdən sonra  köhnə SSR ərazisində istehsalı başlanmışdır. Lakin  dərman Korvalol adı ilə buraxılırdı. Sovet farmaseptləri tərkibə kiçik dəyişiklər etsə də , əsas tərkib (Fenobarbital və Etilbromizovalerianat) eyni qalmışdır.

    Dediklərimizdən belə aydın olur ki, hər iki dərman vasitəsi sinir sakitləşdirici  və  yuxugətirici təsiri sayəsində bir çox nevrastenik və panik halları olan pasiyentlər arasında daha çox istifadə olunmaqdadır. Bu preparatların heç birinin ciddi ürək problemlərinin müalicəsi zamanı ciddi effekti qeydə alınmamışdır. Bu səbəbdən ürək şikayətlərini ciddi araşdırmadan və mütəxəssis həkimlərin fikrini almadan bu tip dərmanlardan istifadə məqsədəuyğun sayılmır. Bundan başqa bu dərmanların tərkibində olan bəzi kimyəvi tərkiblərin uzun müddət istifadəsi zamanı  preparata öyrəşmə (narkotik asılılıq) və kəsilmə sindromu vermək kimi yan təsirləri qeydə alınmışdır. Bəzi xəstələrdə isə allergik reaksiya, tənəffüs və potensiya pozğunluqları yaranıb.

    Bu dərmanlardan başqa Valerian adlı tabletlərədə çox rast gələ bilərik. Bu preparatın əsas tərkibi Valeriane(Pişikotu) bitkisinin ekstraktı sayılır. Valerianda demək olar ki, ancaq Rusiya və postsovet ölkələrində çox geniş istifadə olunur. Bəzi xəstələr bu dərmanı ancaq Ürək tutması zamanı istifadə etdiklərini bildirilər. Uzun müddət xalq təbabətində sakitləşdirici vasitə kimi bitkinin kökü və özünün dəmləməsini istifadə ediblər. 1930cu illərdən sonra postsovet məkanında bu bitkinin ekstrakt və tablet formasında tətbiqinə başlayıb.  Bir sıra yüngül yuxupozulmaların və psixonevrotik halların aradan qaldırılmasında kömək etdiyi bildirilsə də, 2000 ci illərdən aparılmış tədqiqatlarda bu dərmanın ancaq Plasebo effekti göstərdiyi aşkar olunub.

  • İnfarkt tək Ürəkdə olurmu?

    Hər birimiz “İnfarkt” dedikdə  ilk növbədə Ürəyin ciddi xəstəliyi ağlımıza gəlir. Bu belədirmi?

    “İnfarkt”  latın sözü olub mənası  – içi dolmuş, tutulmuş deməkdir. Hər hansı bir orqanın toxumalarının qan təminatının pozulması nəticəsində həmin bölgənin hüceyrələrinin Oksigen və lazımlı maddələrlə təchizatının pozulmasına səbəb olur. Qan təminatının pozulmasının da bir neçə səbəbi olur. Belə ki, bu hal ya qan damarının mənfəzinin daralaması (tromb-qan laxtası, piy embolu, xolesterin yastıqcığı), ya damarın xaricindən sıxılması ( şiş toxuması, yırtıq, uzun müddətli mexaniki sıxılma) və ya arteriyaların müxtəlif travma və təsirlərdən tamlığının pozulması nəticəsində meydana çıxır.  Bu zaman Hüceyrələrin əvvəl Hipoksiyası  sonra  İşemiyası  sonda isə   İnfarktı yaranır. İnfarkt olmuş toxumalarda  hüceyrələr ölür (nekroz baş verir) və sonradan çapıq formalaşır. Çapıq toxuması yarandıqdan sonra isə həmin orqanın hissəvi və ya tam olaraq fəaliyyəti (funksiyası) pozulur. Bu da zədələnmiş orqanın yerindən asılı olaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

    Bu ən çox hansı orqanlarda olur?

    Ürək İnfarktı- Tibb dilində  Miokard İnfarktı adlanır.Bu zaman ürək əzələsinin -miokardın qan təchizatının pozulması sonradan prosesin dərinləşməsinə və Ürək infarktına zəmin yaradır.  Ürəyimiz daimi işləyən orqan olduğundan Biz bu orqanda  baş verən hər hansı patologiyanı birinci hiss edirik. Ürək tac damarların( koronar damarlar)  ən çox tutulma səbəbi tromb və ya xolesterin yastıqcığı (ateroskleroz) nəticəsində olur. Bəzən bu iki problem eyni zamanda xəstəliyə səbəb olur. Bu halda xəstələrin əksəriyyətində klassik şikayətlər – sinədə göynədici,yandırıcı və sıxıcı ağrı,kəskin halsızlıq,təngnəfəslik,soyuq tər kimi şikayətlər yaranır. Bəzən də bu özünü mədə-bağırsaq xəstəliyi,diş və çənədə olan atipik ağrı kimi də göstərə bilər. Hər hansı Şühbə olduğu zaman  həkim mütəxəsis zamanı EKG,EXOKG və qanda Miokard infarktını göstərən spesifik biomarkerlərin(troponin) təyini yarana biləcək ağırlaşmaların qarşısını ala bilər.Bu haqda internetdə kifayət qədər məlumat var.

    Brain’s blood supply, computer artwork.

    Beyin İnfarktı çox zaman Beyin İnsultu kimi adlandırılır. Beyini qidalandıran qan damarlarının aterosklerotik və ya tromboembolik səbəblərdən tutulması bu xəstəliyin yaranmasına səbbə olur. Beyinin qan dövranın digər pozulma növü isə Beyin qanamasıHemorragik İnsultdur ki, bunuda vaxtında fərqləndirmək düzgün müalicə taksikasının seçilməsində çox böyük əhəmiyyəti var. Beyin insultu keçirən insanlar kəskin başağrı,halsızlıq,baş hərlənmə və ürək bulanma, ətraflarda və bədənin müxtəlif səthlərində yaranmış hissiyyat və hərəkət pozğunluqları , nitqin, görmənin, yaddaşın və huşun qəfləti pisləşməsi kimi şikayətlər edir. Bu zaman dərhal xəstə 103 TY həkiminə müraciət etməli və diaqnozu dəqiqləşdirmək üçün Beyin KT və MRT müayinəsi olunmalıdır.

    Ağciyər İnfarktı- ağciyər damarlarının tutulması nəticəsində yaranır. Çox zaman buna səbəb ağciyər damarlarının tromboemoliyası olur. Tutulma səbəbləri ən çox  aşağı ətraf venaları varikoz xəstəliyi zamanı trombun   və ya  borulu sümüklərin sınığı zamanı sümük iliyinin piy embollarının qopması ağciyər damarlarını tutması sayılır.Bundan başqa  müxtəlif ağciyər xəstəlikləri  (Pnevmoniya,Ürək yetməməzliyi, Virus və Bakterial infeksiyalar) və müxtəlif cərrahi əməliyyatlar sonra yaranmış durgunluq, yataq xəstəliyi, qanın laxtalanma sisteminin- trombositar sistem xəstəlikləri, qadınlarda kontraseptiv hormonların qəbulu, Piylənmə və s hallarda xəstəliyə səbəb ola bilər. Agciyər Tromboemoliyasını diaqnozunu Döş qəfəsinin kontrast KT müayinəsi və qan analizləri (D Dimer,Hemoqram) vasitəsilə dəqiqləşdirmək vacibdir. Erkən başlanmış müalicə xəstəliyin tam sağalmasına gətirir.

    Bağırsaq İnfarktı- Bağırsaqları qidalandırn damarların (mezenterial arteriyaların) tutulması səbəbindən yaranır. Xəstələr bağırsağın hansı hissəsini zədələnməsindən asılı olaraq qarında olan qəflətən yaranan kəskin ağrıdan, ürəkbulanma , qusma, köp və mədə bağırsaq qanaxması kimi şikayətlər edir. Müxtəlif xəstəliklər  (səyirici aritmiya, qrək qapaq endokarditi, qarın aorta anevrizması, qarın boşluğu orqanlarının şiş xəstəlikləri və vaskulitlər) bağırsaq infarktının yaranmasında əsas risk faktoru sayılır. Xəstəliyə şühbə olduğu zaman əsas müayinə metodu dəqiq toplanmış anamnez, qarın boşluğu Ultrason və Rentgen və kontrastlı KT müayinəsi sayılır.

    Dalağın İnfarktı- əsasən leykoz,limfoma və limfoqranulamatoz kimi bədxassəli qan xəstəliklərinin və bəzəndə müxtəlif infeksiyaların (infeksion mononukleoz, malyariya,sitomeqalovirus) ağırlaşması kimi meydana çıxa bilir. Xəstə sol qabırğaaltı nahiyyədə yaranmış və sol kürəyə yayılan ağrıdan ,yüksək temperatur və digər mədə bağırsaq şikayətləri edə bilər. Qarın boşluğu Ultrason və KT müayinəsi ilə diaqnoz dəqiqləşdirilir.

    Sümük İnfarktı –osteonekroz adlanır və çox zaman bazu və bud sümüklərində rast gəlinir.Çox az rast gəlinsə də, bəzən  Şüa terapiyası ilə müalicə alan xəstələr, sümüklərin sınıqları, bir sıra qan xəstəlikləri və Alkoqol aludəçisi olan şəxslərdə ola bilər.

    Gözün torlu qişası infarktı- görmə sinirinin atrofiyası və tədricən  görmənin tam itirilməsinə səbəb olur. Şəkərli Diabet, Yüksək Qan təzyiqi və Yuxu arteriyası stenozu zamanı bu xəstəliyin yaranma riski çox böyük sayılır. Xəstələr qəflətən gözdə yaranmış ağrı və görmə qabiliyyətinin pisləşməsini bildirirlər. Əgər ilk dəqiqələrdə (bəzi məmbələrə görə ilk 40-50 dəq) təcili tibbi müalicə olunmasa görmənin geridönməz  tam itməsi baş verə bilər.

  • Ürayim bəzən vurur bəzən yox…

    Bu necə olur?  Bu həqiqətən də belə ola bilər? Yoxsa sadəcə bir hissiyyatdır? Ürək vurğularının ritmini necə bilmək olar? Bunu Həkimə getmədən tayin etmək olarmi?

    Dediklərimizi dəqiqləşdirmək üçün ilk növbədə Ürək vurğuları  haqda qısa məlumat verək.

    Normal halda Ürək 4 kameradan ibarət olur. İki qulaqcıq və iki mədəcik.  Qan venalar vasitəsilə əvvəl qulacıqlara daxil olur. Sonra isə İkitaylı və Üçtaylı qapaqlardan keçərək mədəciklərə daxil olur. Buradan isə qanın venoz hissəsi (oksigenlə zəif olan) Ağciyərə  digər arterial hissəsi (oksigenlə zəngin olan) isə bütün bədən orqanlarına yayılır.Bu zaman növbə ilə əvvəl ürəyin qulaqcıqları sonra isə mədəcikləri yığılır. Bütün proses təqribən 0,43-0,44 saniyə davam edir. Sonra Ürək 0.40 saniyə dincəlir.Sağlam insanlarda  Ürək təqribən dəqiqədə 60-90 vurğu olaraq ritmik yığılmaqdadır. Ritmik dedikdə, yəni  Vurğuların müəyyən ardıcıllıqla davam etməsi nəzərdə tututlur. Ritmlərin Ardıcıllığı və sayı  pozulduğu zaman bu hal Aritmiya adlandırılır. Bəzən heç bir xəstəliyi olmayan insanlardada bu ardıcıllıq və say dəyişə bilər. Amma ilk əvvəl belə halın xəstəlik olub olmaması Həkim Kardioloq tərəfindən təsdiq olunmalıdır. Bir  çox hallarda isə Aritmiyalar təsadüfi müayinələr zamanı aşkar oluna bilər. Ürək ritminin sayının və ardıcıllığının təyin etmək üçün heç də hər zaman Həkimə müraciət etməyə əsas yoxdur. Belə ki, Siz özünüz bilək və ya boyun arteriyasında (damarında)  dediklərimizi yoxlaya bilərik. Sadəcə digər əlinizlə nəbzinizin dolğunluğunu və ardıcıllığını yoxlayın. Sonra saata baxaraq ürək döyümələrinizin 1 dəqiqə ərzində neçə dəfə olmasını qeyd edin.  Əgər yuxarıda dediyimiz kimi, Vurğu sayı 60-90 arası və ardıcıl ritmik  olarsa demək ki, qorxmağa əsas yoxdur. Amma ən yaxın məsafədə EKG müayinəsi oluna bilərsizsə Bu ən uyğun və düzgün  yoxlama olardı.

    Lakin heç də hər zaman  Ritm və Say normal olmaya bilər. Bu zaman artıq Aritmiya haqda danışmaq lazımdır. İlk əvvəl bilmək lazımdır ki, Ürək yığılmaları onun daxili “kiçik elektrik sistemi” ilə tənzimlənir. Bu sistemin bir neçə tərkib hissələri – Sinus düyünü, AV düyün, Hiss dəstəsi və aparıcı yollar  var ki, bunların da hər birinin kiçik problemi  ciddi Aritmoloji xəstəliklərin yaranmasına səbəb ola bilər.  

    Ürək ritm pozğunluqlarının bir neçə növü var. Amma tibb sahəsindən kənar olanlar üçün bunu sadəşələşdirib 3 qrupa bölmək olar:

    1. Taxikardiyalar-  Ürək döyüntülərinin sayının normadan çox olması- Bir çox hallarda Xəstə döş qəfəsində ağırlıq , çırpınma və xoşagəlməz hissiyat olduğunu bildirirlər. Əksər insanlar idman və intensiv fiziki hərəkət, stress,əsəb gərginliyi zamanı bunu hiss edə bilər. Əksər hallarda bu “Normal” taxikardiya-Sinus taxikardiyası olur və çox zaman qısa zamanda düzəlir. Amma bəzi xəstəliklər zamanı  bu hal davamlı ola bilər və müalicə tələb edə bilər. Belə ki, Supraventrikulyar Taxikardiyalar, Mədəcik taxikardiyaları kimi ciddi ürək xəstəlikləri zamanı xəstələr daha ciddi şikayətlər (boğulma,təngnəfəslik, arterial təzyiqin yüksəlməsi ,huş itirmə və.s. ) bildirə bilər. Bu halların vaxtında aşkar olunması ciddi fəsadların qarşısını alır.
    2. Bradikardiyalar- Ürək döyüntülərinin sayının normadan az olması- Ürək döyünmələrin minimal sayı 55-60 vurgu dəq olur. Bəzi insanlarda və proffesional idmançılarda bu say 45-50 arası ola bilər. İnsan yatdığı zamanda Ürəkdöyünmələrinin sayı aşağı enir ki, buda azan sinirin tonusunun artması nəticəsində olur.Lakin bəzən ürək yığılmalarının sayının 40 və daha aşağı olması olur . Belə hallar həm müxtəlif xəstəliklərin ağırlaşması kimi ( hipotireoz,müxtəlif dərman və toksinlərlə zəhərlənmə, kəllə- beyin travması, baş beyin meningiti, elektrolit disbalansa səbəb böyrək çatışmazlığı),  həm də Ürəyin damar xəstəlikləri və  keçiricilik sisteminin pozulması (Blokadalar) kimi problemlərdə  özünü biruzə verə bilər. Ürəkdöyünməsi aşağı olan xəstələr başhərlənmə, kəskin halsızlıq və zəiflik, gözlərin qaralması və görmənin qəfləti pisləşməsi, ürəkbulanma və qusma, huşun pozulması, kimi şikayətlər edir. Bəzi hallarda  yarana biləcək ağırlaşmaların qarşısını almaq üçün xəstələrə Süni Ritm Cihazı (Peismeyker) implantə olunur.
    3. Aritmiyalar-  zamanı ürək ritminin davamlılığının  müxtəlif  tipli pozulmaları baş verir və Ürəyin Qulaqcıq və  Mədəcikdən olan keçiricilik sistemindəki  problemlərə görə müxtəlif ola bilər. Bura Ekstrasistoliyalar və Səyirici aritmiya aiddir. Xəstələr ürəyin fasilələrlə vurduğunu , ürək dayanması kimi hissiyatın, qəfləti ürək çırpınmalarının, baş hərlənmə və boğulmalar kimi şikayətlərin olduğunu bildirirlər. Bəzən də bu aritmiyalar təsadüf müayinə zamanı aşkar olunur. Lakin sadə EKG müayinə bu problemi aşkar edə bilər. Şühbəli hallarda isə 24 saatlıq EKG monitoring (Holter monitor) müayinəsi çox faydalı olur.

    Bütün yuxarıda dediklərimizi yekunlaşdırsaq deyə bilərik ki, Ürək Ritm Pozğunluqları vaxtında aşkar etmək gələcəkdə yarana biləcək ağırlaşmaların aradan qaldırılması üçün cox vacibdir. Bunun üçün Sizdən heç də çox şey tələb olunmur. Sadəcə ən yaxında olan Mütəxəsis Kardioloqa müraciət edib ən sadə Müayinə üsulları ilə diaqnozu təyin etmək olar.

  • Ürəyimə Oksigen çatmır….

    Bir sıra hallarda xəstələr “Ürəyimə oksigen çatmır” , “Ürəyimdə Hipoksiya var”  kimi şikayətlər edirlər. Bu kimi şikayətləri edən bir çox hallarda heç bir ürək xəstəliyi olmayan və Nevrasteniya  və digər Nevrotik halları olan xəstələr bildirirlər. Bəziləri isə hipoksiyanın EKG müayinə zamanı aşkarlandığı deyir…. Bu kimi şikayətlərin yaranması köhnə Sovet səhiyyə sistemindən qalmış bir sıra tibb personalarının dediklərinə əsasən formalaşmış  “Diaqnozlar” sırasındandır.

    Amma bəzi xəstəliklər və patoloji hallarda var ki, bu zaman Ürəyin oksigenə olan tələbatı tam ödənmir və buda bir sıra şikayətlərin və ürək zədələnmələrinin yaranmasına səbəb olur. Orqanizmin orqanlarının hər birinin hüceyrələrinin normal çalışması üçün kifayət qədər Oksigen lazımdı ki, buda həmin orqanların normal qanla təchiz olunması ilə yanaşı qanın Oksigenlə zəngin olmasıda vacib faktor sayılır. Ürək daima çalışan orqan olduğundan bu hal özünü daha qabarıq göstərir. Tibb dildə bu Miokardın Hipoksiyası adlanır.

    “Ürəyə oksigen nədən çatmır?”

    Buna aşağıda göstərilən müxtəlif xəstəlik və patoloji hallar səbəb ola bilər.

    • Ətraf mühitdə Oksigen konsentrasiyasının kifayət qədər olmaması- qapalı kiçik məkanlar, siqaret çəkilən qapalı yerlər, dağlarda və hündürlüyə qalxdıqda və suyun dərinliklərində çalışan akvolanqistlərdə bu hal tez-tez rast gəlinir,
    • Ürəyin oksigenə olan tələbatının qəflətən artması-  müxtəlif kəskin stress vəziyyətləri və ağır fiziki aktivlik zamanı,
    • Tənəffüs sisteminin funksiyasının pozğunluğu zamanı- müxtəlif ağciyər xəstəlikləri zamanı yaranan bronx spazmı ( daralması)  və ağciyərin sahəsinin kiçilməsi( pnevmoniya, ağciyər xərçəngi, bronxial astma  və digər xəstəlikləri,
    • Qanı təşkil edən hüceyrələrin-eritrositlərin miqdarının və ya tərkibində olan Hemoqlobinlinin miqdarının azalması (müxtəlif anemiyalar və leykoz xəstəlikləri),
    • Müxtəlif Ürək damar və qapaq xəstəlikləri- stenokardiya, miokard infarktı, ürək əzələsinin zəifləməsi olan müxtəlif kardiomiopatiyalar, aortal və mitral qapaqların xəstəlikləri,
    • Müxtəlif zəhərli maddələrin təsirindən

    Bəzən bunlardan 2 və ya 3 səbəb eyni zamanda  ola bilər ki, buda problemin daha kəskin özünü büruzə verməsinə səbəb ola bilər.

    Bu zaman Hansı əlamətlər ola bilər?

    Ürək əzələsinin  Hipoksiyası  kəskin( qəfləti bir neçə dəqiqə və saat ərzində)  və xronik ( tədricən uzun müddət ərzində) yarana bilər. Bu zaman müxtəlif şikayətlər yarana bilər.

    • Dodaqların və barmaq uclarının göyərməsi
    • Ürəkdöyünmənin kəskin artması(taxikardiya) və müxtəlif növdə olan ürək ritm pozğunluqları(aritmiyalar)
    • Təngnəfəslik (nəfəs darlığı) və boğulma halları
    • Döş qəfəsində və ürək nahiyəsində yaranan kəskin ağrılar
    • Arterial qan təzyiqinin bir çox hallarda yüksəlməsi

    Necə müalicə edək?

    Yuxarıda göstərdiyimiz xəstəliklər zamanı Ürək əzələsinin oksigenlə təminatının artırılması vacibdir. Bu zaman müalicə 3 əsas istiqamətdə aparılır. Birinci əsas xəstəlik və patoloji halların aradan qaldırılması və müalicəsinə yönləndirilir. İkinci təmiz və bol oksigenli havada gəzmək, zərərli vərdişlərdən uzaq durmaq, qapalı və ventilyasiyası  pis olan məkanlarda mümkün qədər az qalmaqdan ibarətdir. Üçüncü müalicə tədbiri toxumaların oksigen çatışmazlığına qarşı dözümlüyünü  artıran dərman preparatlarının və qidaların istifadəsi sayılır.

    Toxumaların və həmçinin ürək əzələsinin oksigen çatışmazlığına qarşı dözümlüyünü artıran dərmanlara Antihipoksantlar deyilir. Bu gün bizim gündəlik həyatda tanıdığımız və müxtəlif xronik xəstəliklərin və idmançılar tərəfindən çox geniş istifadə olunan metabolizmi gücləndirən dərman maddələridir. Bunlara Midronat, Aktoveqin, Meksidol, Neaton, Pirasetam, Preduktal, A,E,D,C vitaminləri,Selen,Zink,Kalium, Maqnezium kimi mikroelementlər aid olunur. Bütün göstərdiyimiz Antihipoksant maddələr bir çox təbii qida vasitələrin , bitki və tərəvəzlərin tərkibində çox geniş yayılmışdır. Bu maddələr ən çox Yemişan, Melissa, Gicitkən, qara Qarağat, Zəncəfil, Heyva, Üzüm, Jenşen,  Adaçayı, Zirinc və bir çox bitkilərin tərkibində çox geniş yayılmışdır.

  • “Ürəyimə su yığılıb” – əslində bu nə deməkdir..

    Siz də bu kimi şikayət edən insanlarla qarşılaşmısız ? Bəzi ürək xəstələri bu tip probleminin olduğunu bildirirlər. Bu diaqnozu xəstələr daha çox EXOKG müayinə olunduqdan sonra qoyulduğunu bildirirlər. Hətta bəzi xəstələr  “ürəyinə yığılmış ” mayeni hiss etdiklərini də bildirirlər.

    Bunun necə yarandığını başa düşmək üçün orqanizmin necə qurulduğunu təsəvvür edək. İlk əvvəl qeyd etmək lazımdır ki,  Ürəyin içində yəni ürək boşluqlarında su yox qan olur. Əslində “su ” yəni maye, Ürəyə yox, ürəyi əhatə edən Ürək kisəsinə- yəni Perikard boşluğuna yığılır. Ürək özü tibbi adı perikard qişası olan ürək kisəsi ilə əhatə olunmuşdur. Bu kisənin əsas rolu Ürəyin və ürəklə əlaqəli magistral damarların xarici təsirdən və infeksion təhlükədən  qorunması  və  ürək əzələsinin fiziki yüklənmə zamanı həddən artıq gərilməsinin qarşısını almaqdan ibarətdir. Ürək kisəsi özü də iki qatdan ibarətdir. Birinci qat ürək əzələsinin  üzərinə bitişir ki , buna tibb dilində visseral qat (epikard) deyilir. Digər qat isə xarici qatdır ki, bu parietal qat adlanır. Bu iki nazik qat arasında normal halda 30-50 ml maye olur ki, bu mayenin əsas rolu ürəyin yığılması zamanı sürtünmənin qarşısını alır. Bu maye olmadan ürək normal yığıla bilməz.

    “Ürəyə su nə səbəbdən yığılır”

    Lakin bəzən ürək kisəsindəki mayenin miqdarı bir sıra patoloji  hallar zamanı  çoxalır. Bu hal müxtəlif xəstəliklərin nəticəsi kimi özünü göstərir.  Bu səbəbdən göstərilən xəstəlik və patoloji hallar zamanı mütləq birincili ürək müayinəsi aparılmalıdır. Buna müxtəlif hallar səbəb ola bilər. 

    Bəs nə zaman Həkimə müraciət etməlisiz?

    Bu tip xəstələrin əsas xəstəliyin  şikayətləri ilə yanaşı digər yanaşı əlamətlərində yarandığını hiss edirlər.

    • Tədricən artan və ya qəflətən yaranmış  təngnəfəslik və nəfəs daralması ( əsasən xəstə yataqda uzandığı vəziyyətdə daha çox kəskinləşən) ,
    • döş qəfəsində sol tərəfə yayılmış və döş sümüyü arxasında küt və bəzəndə deşici  ağrı, ( bu ağrının nəfəsalma zamanı artması
    • qarın və aşağı ətraflarda şişkinlik ,
    • baş hərlənmə,
    • kəskin halsızlıq

    “Artıq mayeni necə təyin etmək olar?”

    Bütün bu dediklərmizi dəqiqləşdirmək üçün Döş qəfəsi rentgen müayinə, EXOKG və EKG kimi sadə kardioloji müayinələr aparmaqla “Ürəyimizə su yığılmaqla” bağlı bütün şübhələrimizə son qoya bilərik!! Bundan başqa son zamanlartətbiq olunan daha müasir Ürək müayinə metodları diaqnozun hansı səbəbdən yarandığını və miqdarını təyin etməyə kömək edir.

    Necə müalicə edək?

    Müayinə zamanı bu hal təsdiqlənərsə, mütləq Mütəxəsis Kardioloq tərəfindən müalicə tədbirlərinə başlanmalıdır. Müalicə yığılmış mayenin miqdarına və yaranma səbəbinə  görə dəyişə bilər. Bunuda bilmək lazımdır ki, bir çox hallarda əsas xəstəliyin ( problemə səbəb  olan ) düzgün müalicəsi zamanı ürək ətrafında yığılmış artıq maye öz normal dəyərlərinə çata bilər. Amma bəzən uyğun Kardioloji müalicə qaçılmaz olur. Toplanmış mayenin miqdarı çox olduğu zaman artıq dərman müalicəsi kömək etməyə bilər. Bu zaman yığılmış artıq maye mexaniki yolla – perikard boşluğunun punksiyası ilə xaric olunur. Bu müalicə üsulu mütləq ixtisaslaşmış müalicə müəssisəsində aparılmalıdır. Punksiya – yəni xüsusi iynə ilə ürək boşluğuna yeridilir və artıq maye boşaldılır. Punksiya EXOKG və Rentgen müayinəsi nəzarəti ilə yerinə yetirilir və çox həssas müalicə metodlarından hesab olunur. Ürək kisəsini xüsusi iynə ilə punksiya edən zaman Həkim Kardioloq  EXOKG və Rentgen nəzarəti  ilə ürək əzələsinin  və digər yanaşı orqanların zədələnməsinin qarşısını alır. Bir çox hallarda xəstəliyin səbəbini dəqiqləşdirmək üçün xaric olunmuş maye uyğun laboratoriyaya göndərilir. Bəzən ürək kisəsinə xüsusi dərmanlar və antibiotiklərdə yeridilə bilər.  Ürək ətrafı toplanmış mayenin miqdarı az olduqda isə bu xəstəlik xüsusi dərmanlar vasitəsi ilə müalicə olunur. Adətən xəstələr ilk həftədə müalicənin köməyini görürlər.

    Hər bir halda Mütəxəsis Kardioloqa müraciət etməklə Siz özünüzü vaxtında qorumuş olarsız!!!

  • Yüksək qan təzyiqi hansi hallarda yaranır?

    Yüksək qan təzyiqi hansi hallarda yaranır?

    Qan təzyiqi nədir?

    Qan təzyiqi deyiləndə qanın damarların divarlarına etdiyi təzyiq nəzərdə tutulur. Qan təzyiqi millimetr civə sütunu ilə ölçülür və iki ədədlə göstərilir. Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir.Buna adətən “yuxarı və aşağı təzyiq” deyilir.İlk əvvəl müəyyən etmək lazımdır ki, yüksək qan təzyiqi hansı rəqəmlərdə olur. Bu müxtəif insanlarda və yaşlarda bu dəyişə bilər. Bəzi insanlarda bu 90/60 mm.c.süt , bəzilərində isə 130/85 mm.c.süt ola bilər. Hər bir halda bu norma sayılır.

    Təzyiqim yüksəkdir – nə zaman sayılır?

    Qan təzyiqinin 135/85 mm.c.süt yuxarı rəqəmlərdə artıq yüksək sayılır. “Təzyiqim qalxdı” deyəndə əsasən sistolik təzyiqin qalxmasını nəzərdə tuturlar. Əgər siz özünüzdə güclü baş ağrısı, ümumi zəiflik, qulaqlarda səs-küy, ürəkbulanma, başgicəllənmə, sürətli yorğunluq, görmədə pozğunluq, burundan qan axma, qulaqlarda küy, ürək ritminin pozulması  kimi əlamətləri hiss edirsinizsə, bu zaman qan təzyiqinizi yoxlayın. Çünki bunlar yüksək qan təzyiqinin əlamətləri ola bilər.

    Qan təzyiqi hansı hallarda yüksək ola bilər?

    Qan təzyiqinin davamlı artması Hipertenziya adlanır. Bu, həm müxtəlif xəstəliklərin əlaməti olaraq, həm də naməlum səbəblərdən yarana bilir. Bunların əksər hissəsi birincili hipertoniya  olub, zamanla proqressivləsən və altda yatan heç bir xəstəlik olmadan  inkişaf edir. Bundan başqa digər xəstəlik və hallarla müşahidə olunan Qan təzyiqi yüksəlməsidə müşahidə olunur ki, bunlara İkincili Hipertoniya deyilir. İkincili hipertenziya düzəldiləbilən, geriçevrilən, tamamilə aradan qalxa bilən bir vəziyyətdir. İkincili hipertansiyon bütün hipertoniyaların 5-10 %  təşkil edir. İkincili Hipertoniyanın ən böyük səbəbi Sinir gərginliyi və Panik atak hesab olunur ki, bu zamanda bildiyimiz sakitləşdirici vasitələrdən istifadə etməklə yüksək qan təzyiqini qısa zamanda aşağı salmaq olar. Bundan başqa Şəkərli Diabet,Qalxanabənzər vəzi xəstəlikləri(ZOB), Böyrək xəstəlikləri, Böyrəküstü vəzi xəstəlikləri və beyində olan bəzi xəstəliklərdə ikincili təzyiq qalxmasına səbəb ola bilər.

    Təzyiqiniz qalxdığı zaman nə etməlisiz?

    Yüksək qan təzyiqi aşkarlandığı və ya şübhələndiyiniz halda, həkimə müraciət etmək vacibdir. Ən yaxşısı isə həkimə müraciət edərkən, yanınızda son bir neçə gün üçün qan təzyiqi gündəliyinin olmasıdır. Buna görədə Yüksək qan təzyiqi olan insanlar Müalicəyə başlamazdan öncə yuxarıda sadaladığımız problemlərin olub olmamasını inkar etməlidir.  Yüksək arterial təzyiqi nəzarət edilmədikdə sağlamlığa ciddi təsir göstərən xroniki bir xəstəlikdir. Bu vəziyyət damarlara, ürəyə və digər orqanları əlavə stresə məruz qoyur, müxtəlif sağlamlıq fəsadları riskini artırır. Yüksək təzyiqin müalicəsi üçün son zamanlar yüzlərlə dərman vasitəsi təklif olunmaqdadır. Amma heç də hər zaman dərman vastilə müalicə effektiv olmaya bilər. İlk növbədə sağlam həyat tərzinə (düzgün qidalanma, siqaretdən imtina, stresdən qaçmaq və fiziki aktivlik) əməl etməklə qan təzyiqini normaya salmaq olar. Bu yolla demək olar ki, xəstələrin 30-40 % -də arterial təzyiqi normaya salmaq olur. Son illər on minlərlə insan üzərində aparılmış çoxsaylı tədqiqatlar göstərir ki, bir tək qida rasionundan Xörək duzunu məhdudlaşdırmaqla , yüksək qan təzyiqinin normal rəqəmlərə endirmək olar.